Nə siqaret keçirər nə içki yoxluğunu
Əllərimi cibimdən çıxarmıram nə vaxtdı
Üşümürəm eləcə vərdiş etmişəm buna
Əlimi unutmuşam... elə bilirəm yoxdu.
Bir qəribə boşluğa yuvarlanıb gedirəm
Nə tutmağa yerim var ,nə də tutmaq həvəsim
Elə bilirəm indi elə lap bu dəqiqə
Bitəcək ömür vaxtım kəsiləcək nəfəsim
Nə bilim.. evdə yoxam, küçələr də ögeydi
Bu şəhəri unutsam səni unudacağam
Heç vaxt qatar keçməyən, heç kimi gözləməyən
Həmin o köhnə kürüş tənha dayanacağam
Qovur Bakı küləyi başımdan xatirəni
Saçlarımı dolayır yenə fikirlərimə
Bu Fələyin saydığı nədisə düz gəlmədi
Sənin dualarına, mənim zikirlərimə
Baxdım əlim üzümdə son çəkdiyim şəklinə
Ayrılığı axtardım, dedim bəlkə bilirdin
Dedim bəlkə bilirdin çıxıb gedəcəyini
Bilə bilə etməzdin, eləməzdin bilirdim
Olsun, qismətdir deyək bu da bir yazı idi
"Kim uduzdu kim uddu" Məmməd Araz demişkən
Mənim də ruh halıma çox da güvənmək olmur
Bakı havası kimi saat saat dəyişkən
Bir musiqi çalınar ürəyimin telində
Səni də qınamıram mənim sonuncu payım
Bu yarımçıq, xəstəhal bu yolüstü taleyin
Bütün saatlarında başladı geri sayım...