XXİİİ
Yenə qübar etdi ürək
Yaralarım oyum -oyum
Bilmədim ki bu qisməti
Hardan aldım, hara qoyum?!
Nə dərd mənden əl çəkəsi
Yerə düşməz bir tikəsi
Bu ömrüm, bu da ləkəsi
Ruhu geyim, Cismi soyum.
Birdən ücə üçdən heçə
Bitir ömür keçə keçə
Fələk sayır gündüz gecə
İmkan vermir mən də sayım.
Sındı ruhum bu sınaqdan
Kim incidi bu qonaqdan
Mən doymuram yaşamaqdan
Şeytan deyir daha doyum
Gəl pisləmə bu Zamanı
Yaxşı nədi, harda,hanı
Mən Allahın qəribanı
Səndə elə mənim tayım
Bir üzüm qiş, biri bahar
Biri görər, biri baxar
Ney səsindən Nalə çıxar
Həm yasımdı,həm də toyum
Nə kül idim, nə də ocaq
Kim söndürdü ,kim yanacaq?!
Qurda quşa yem olacaq
Qismətimə düsən payım.